Surə Mudəssir (Surə 74 – Mudəssir) Məhkəmə Günü barədə xəbərdarlıq edən peyğəmbəri (s) təsvir edir
Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! Təkcə Rəbbini uca tut!
Surə Mudəssir 74:1-3
Sur üfürülərkən – Çətin bir gün olacaq. (Həmin gün) kafirlərə asan olmayacaqdır.
Surə Mudəssir 74:8-10
Surə Kafirun (Surə 109 – Kafirun) kafirləri çağıran peyğəmbəri (s) təsvir edir:
De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!”
Surə Kafirun 109:1-6
İlyas (s) peyğəmbərə istinadla Əhdi-Ətiq tamamlanır. İlyas Mudəssir Surənin və Kafirun Surənin söylədiyi kimi edirdi. Lakin Əhdi-Ətiq İlyas kimi bir peyğəmbərin gələcəyi barədə də yazır. Bu peyğəmbər adamların ürəklərini hazırlayacaq. Biz onu Yəhya (s) peyğəmbər kimi tanıyırıq.
Yəhya (s) peyğəmbərin gəlişi barədə peyğəmbərlik olub
Qulun əlaməti adlı məqalədə gördük ki, Qulun gəlişi barədə peyğəmbərlik olunmuşdur. Onun gəlişinə aid bütün vəd bir vacib sual üzərində qurulmuşdur. Yeşaya 53 bu sual ilə başlayır:
“Xəbərimizə kim inandı…?
Yeşaya 53:1a
Yeşaya (s) əvvəlcədən demişdi ki, bu Qula çoxları inanmayacaq. Problem Qulun sözlərində və ya əlamətlərin yerinə yetirilməsində deyil, çünki əlamətlərin hamısı vaxtında və dəqiq yerinə yetirilmişdi (‘Yeddiillik’ dövrləri, adı, ‘həlak olacaq’). Problem əlamətlərin az olduğunda da deyil. Xeyr, problem adamların qəddar ürəkləridir. Buna görə də, Quldan əvvəl kimsə gəlib adamları Onun gəlişinə hazırlamalı idi. Beləliklə, Yeşaya peyğəmbər (s) Qulun yolunu hazırlayan şəxs barədə yazır:
“Nida edənin səsi gəlir:
«Səhrada Rəbbin yolunu hazırlayın,
Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin.
Hər dərə yüksəldiləcək,
Hər dağ və təpə aşağı endiriləcək,
Yoldakı əyriliklər düzələcək,
Kələ-kötür yerlər hamar ediləcək.
Rəbbin əzəməti aşkar olunacaq,
Bütün bəşər bunu birlikdə görəcək».
Bu sözlər Rəbbin ağzından çıxıb”
Yeşaya 40:3-5
Yeşaya (s) ‘Səhrada Rəbbin yolunu hazırlayan’ adam barədə yazırdı. Bu adam “Çöldə Allahımızın keçəcəyi yerləri hamar” edəcək. Lakin Yeşaya bunun təfsilatlarını açıqlamadı.
Əhdi-Ətiqin sonuncu peyğəmbəri – Malaki peyğəmbər
Yeşaya , Malaki, İlyas (s) və digər peyğəmbərlər zaman xəttində
Yeşayadan təxminən 300 il sonra Malaki (s) peyğəmbər gəldi. O, Zəburun sonuncu Kitabını yazdı. Bu sonuncu Kitabda Malaki (s) yolu hazırlayan adam barədə Yeşayanın sözünü davam edir:
«Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi
Malaki 3:1
Burada yenə yol hazırlayan elçi barədə peyğəmbərlik edilir. Yol hazırlayan adamdan sonra Əhd Mələyi gələcək. Əhd Mələyi kimdir? Yadda saxlayın ki, Yeremya (s) peyğəmbər Allahın ürəklərimizə Yeni Əhdi yazacağını peyğəmbərlik etmişdir. Yalnız bundan sonra biz günaha aparan susuzluğumuzu doyura biləcəyik. Malaki (s) burada həmin Əhdə istinad edir. Yolu hazırlayan Şəxs həmin Əhdin verilməsini bəyan edəcək.
Malaki (s) peyğəmbərin sonuncu sözü ilə bütün Əhdi-Ətiq tamamlanır. Yazısının sonuncu bəndi yenə də, gələcəyə aiddir:
“Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim”
Malaki 4:5-6
“Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri göndərəcəyəm”? Malaki (s) nə demək istəyir? İlyas kim olub? O, bir peyğəmbər olub və biz onun barəsində danışmamışıq. Əhdi-Ətiqin bütün peyğəmbərlərinə nəzər sala bilmərik, lakin siz onu yuxarıdakı zaman xəttində görə bilərsiniz. İlyas (s) təxminən b.e.ə. 850-ci ildə yaşayırdı. O, səhrada yaşadığına, heyvan dərisindən paltar geyindiyinə və çöl yeməkləri ilə qidalandığına görə tanınırdı. Çox güman ki, o, qeyri-adi görünüşə də malik idi. Malaki (s) yazır ki, Yeni Əhdin yolunu hazırlayan şəxs İlyasa (s) bənzər olacaq.
Bu sözlə Əhdi-Ətiq bitir. Bu, Əhdi-Ətiqin son cümləsidir, b.e.ə. 450-ci ildə yazılmışdır. Tövrat, Zəbur və peyğəmbərlər gələcəyə aid vədlərlə doludur. Gəlin birinə nəzər salaq.
Tövrat, Zəbur və peyğəmbərlərin kitablarından bir neçə vədə nəzər salaq
- İbrahim (s) peyğəmbər Qurbanın əlaməti adlı məqalədə Moriya dağında ‘hazırlanacaq’ deyə bəyan etmişdi. Əhdi-Ətiqin yazılması tamamlananda yəhudilər hələ də bunu gözləyirdilər.
- Musa peyğəmbər (s) demişdi ki, İsraillilər üçün Pasxa əlamətdir. İsraillilər tarix boyu Pasxa bayramını qeyd etsələr də, Əlamətin hələ yerinə yetirilmədiyini unudublar.
- Tövratda Musa peyğəmbər (s) demişdi ki, bir peyğəmbər gələcək; Allah onun barəsində demişdi: “Sözlərimi onun ağzına qoydum”. Həmçinin, gələcək peyğəmbəri vəd edən Allah bəyan etmişdi: “Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”.
- Padşah Davud (s) gələcək ‘Xristos’ və ya ‘Məsihin’ gəlişini bəyan etmişdi. Tarix boyu İsraillilər Məsihin padşahlıq dövrünü gözləyiblər.
- Yeşaya peyğəmbər (s) bakirənin oğuldoğacağı barədə peyğəmbərlik etmişdi. Əhdi-Ətiqin yazılmasının sonunda yəhudilər bu hadisəni hələ də gözləyirdilər.
- Yeremya peyğəmbər (s) Yeni Əhd haqqında peyğəmbərlik etmişdi. Bu Əhd daş lövhədə deyil, ürəklərimizdə yazılacaq.
- Zəkəriyyə peyğəmbər (s) gələcək Məsihin (Xristosun) adını söyləmişdi.
- Daniel peyğəmbər (s) demişdi: Məsih(və ya Xristos) həlak olmaq üçün gələcək. Adamların əksəriyyəti isə Məsihin bir hakim olaraq gələcəyini gözləyirdilər.
- Yeşaya peyğəmbər (s) gələcəkQul’ haqqında yazırdı. Bu Qul çox əzab çəkəcək və edam olunacaq.
- Burada gördük ki, Malaki (s) peyğəmbər bütün bunlardan əvvəl yolu hazırlayan adamın gəlişi barədə peyğəmbərlik etmişdi. O, adamların ürəklərini hazırlamalı idi, çünki ürəklərimiz Allahın işlərinə qarşı asanlıqla daş olur.
Beləliklə, b.e.ə. 450-cü ildə Əhdi-Ətiq tamamlananda yəhudilər bu gözəl vədlərin yerinə yetirilməsini gözləyirdilər. Onlar elə hey gözləyirdilər. Bir nəsil o birisini əvəz edirdi, sonra daha bir nəsil gəlirdi, bu vədlər isə yerinə yetmirdi.
Əhdi-Ətiq tamamlanandan sonra nə baş verdi?
İsrailliləri tarixində gördüyümüz kimi, Böyük İsgəndər b.e.ə. 330-cü ildə tanıdığımız dünyanın əksəriyyətini istila etdi. Bunun nəticəsində adamlar və sivilizasiyalar Yunan dilini qəbul etdilər. Bu gün ingilis dili kimi, Yunan dili ümumdünya dili idi. Ticarət, təhsil, ədəbiyyatda əsasən bu dil istifadə olunurdu. Təxminən b.e.ə.250-ci ildə yəhudi müəllimlər Tövrat, Zəbur və peyğəmbərlərin kitablarını İbrani dilindən Yunan dilinə tərcümə etdilər. Bu tərcümə Septuaginta adlandı. Burada gördüyümüz kimi, ilk dəfə “Xristos” sözü istifadə edilməyə başlandı. Burada isə gördüyümüz kimi, ‘İsa’ adı istifadə edilməyə başlandı.
Yeşaya , Malaki, İlyas (s) və digər peyğəmbərlər zaman xəttində
Bu müddət ərzində (b.e.ə. 300 – 100; zaman xəttində göy rənglə qeyd olunur) Misir ilə Suriya arasında hərbi rəqabət aparılırdı; İsraillilər bu iki imperiyanın arasında yerləşir, onlar tez-tez müharibə vəziyyətini yaşayırdılar. Bəzi Suryani padşahlar Yunan dinini bir din kimi (bütpərəstlik) İsraillilərə məcbur qəbul etdirmək, bir Allaha ibadətin isə kökünü kəsmək istədilər. Yəhudi xalqının bəzi rəhbərləri üsyan edib Musa peyğəmbərin (s) təşkil etdiyi ibadəti bərpa etdilər. Bu dini rəhbərlərdən hansısa yəhudilərin gözlədiyi adam olubmu? Bu adamlar Tövrat, Zəbur və peyğəmbərlərin kitablarında göstərilən ibadətin sadiq icraçıları olsalar da, Peyğəmbərlik Əlamətlərinə uyğun deyildilər. Əslində onlar özlərini peyğəmbər deyil, sadəcə, ibadəti bütpərəstlikdən qoruyan vətənpərvər yəhudilər adlandırırdılar.
Bu dövrə aid olan tarixi kitablar ibadəti bütpərəstlikdən qoruyan səyləri təsvir edirlər. Bu kitablar tarixi və dini baxımdan çox dəyərlidir. Lakin yəhudilər bunları peyğəmbərlərin kitabları hesab etmirlər. Buna görə də bu kitablar Əhdi-Ətiqə daxil olmadı. Dindar adamlar tərəfindən yazılmış yaxşı kitablar olduqlarına baxmayaraq, onlar peyğəmbərlər tərəfindən yazılmamışdır. Bu kitablar Apokrif adı ilə tanınır.
Lakin bu kitablar faydalı olduqlarına görə çox vaxt Tövrat, Zəbur və digər peyğəmbərlərin kitabları ilə bərabər oxunaraq yəhudilərin tarixini tamamlayır. İsa Məsihdən (s) sonra Tövrat, Zəbur, peyğəmbərlərin kitabları və İncil yığılaraq bir kitab – Bibliya və ya Müqəddəs Kitab adlanan bir toplu yaradıldı. Apokriflər Tövrat, Zəbur, peyğəmbərlərin və ya İncil kitablarının bir hissəsi olmasa da, bu gün bəzi Müqəddəs Kitablar Apokrifləri də daxil edirlər.
Tövrat Zəbur və peyğəmbərlərin kitablarında verilən vədlər hələ də yerinə yetirilir. Yunan dilinin təsiri nəticəsində qüdrətli Roma İmperiyası genişləndi və Yunanları əvəz edərək yəhudilərin üzərində hökm etməyə başladı (yuxarıdakı zaman xəttində bu, göy rəngdən sonra gələn sarı rəng ilə qeyd olunan dövrdür). Romalılar uğur və qəddarlıqla hökm edirdilər. Vergilər yüksək idi; Romalılar fikir ayrılığına dözüm göstərmirdilər. Yəhudilər Tövrat, Zəbur və peyğəmbərlərin kitablarında verilən vədləri səbirsizliklə gözləyirdilər. Gözlədikləri müddət ərzində onların ibadəti sərtləşdi, onlar peyğəmbərlərin kitablarından deyil, ənənələrdən gələn bir çox qaydaları icra edirdilər. Bu əlavə ‘əmrlər’ ilk baxışdan yaxşı görünsələr də, tezliklə yəhudi din müəllimlərinin ürək və düşüncələrində Tövrat, Zəbur və peyğəmbərlərin göstərişlərini əvəz etdilər.
Daha sonra, sanki Allahın vədləri unutduğu bir vaxt, nəhayət, möhtəşəm mələk Cəbrayıl yolu hazırlayan şəxsin doğulmasını bəyan etməyə gəldi. Biz onu Yəhya peyğəmbər (yaxud Vəftizçi Yəhya – s) kimi tanıyırıq. Lakin bu, İncilin başlanğıcıdır və biz buna növbəti məqalədə nəzər salacağıq.